Siyasət

Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir


Türkiyə – Azərbaycan əlaqələri son illər çoxyönlü və dərin bir şəkildə inkişaf edir. 2020-ci ildə Qarabağ müharibəsində və müharibədən sonra ikitərəfli əlaqələr yeni səviyyəyə çatdı. Çoxyönlü əlaqələrin ən önəmli istiqamətlərindən biri iqtisadi istiqamət idi. Burada qarşılıqlı ticarət dövriyyəsi və qarşılıqlı sərmayələr önəmi rol oynayırdı. Ticarət dövriyyəsi pandemiyaya baxmayaraq ötən il 4 milyard dolları keçib. Pandemiyaya rəğmən həm Azərbaycanın Türkiyəyə ixracı, həm də Türkiyənin Azərbaycana ixracında ciddi azalma olmayıb. İki ölkə arasında iqtisadi əlaqələri bundan sonra da gücləndirmək üçün önəmli olan siyasi iradə də mövcuddur. 2023-cü ilə qədər ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hər iki ölkənin siyasi rəhbərliyinin elan etdiyi hədəflər mövcuddur. İkitərəfli iqtisadi əlaqələrdə ən önəmli məsələlərdən biri belə bir ortaq niyyətin və iradənin olmasıdır. Bu ortaq hədəfi şərtləndirən, iki ölkə arasında önəmli anlaşmalar mövcuddur. 2021-ci il martın 1-dən Azərbaycan və Türkiyə arasında güzəştli ticarət sazişinin icrası başlayıb ki, bu da ikili ticarət əlaqələrinin inkişafında önəmli rol oynayacaq.
Prezident İlham Əliyev Azərbaycanda ərazilərin yenidən qurulmasında dost ölkələrin, yəni müharibə prosesində Azərbaycanın yanında yer alan ölkələrin şirkətlərinin cəlb olunacağı ilə bağlı önəmli siyasi iradə ortaya qoymuşdur. Bunun da ilk əlamətləri olaraq Türkiyə şirkətləri ilə artıq müqavilələr imzalanmışdır. Bundan sonrakı mərhələdə sadəcə infrastruktur yox, digər investisiya gərəkdirən sferalarda və işğaldan azad olunmuş ərazilərdə Türkiyə şirkətləri ilə əməkdaşlıq davam edəcək. O cümlədən təbii sərvətlərin idarə olunmasında, onların hasilatında, emalında, eyni zamanda o bölgələrin aqrar potensialı nəzərə alsaq aqrar sənaye sektorunda Türkiyə şirkətləri üçün yeni imkanlar açıla bilər. O cümlədən, Azərbaycan şirkətlərinin Türkiyənin turizm, daşınmaz əmlak və digər sektorlarına son illər marağı getdikcə artıb. İki ölkənin birlikdə digər üçüncü ölkələrdə ortaq yatırımları, ortaq layihələri artıq müzakirə olunur və bəzən artıq həyata keçirilir. Azərbaycanın Türkiyənin enerji resurslarının, xüsusən Qara dənizdə yeni kəşf olunan qaz resurslarının istismarında önəmli fəaliyyəti ola bilər. SOCAR-ın Türkiyənin enerji sektorunda önəmli payı var, o cümlədən bir çox şəhərlərdə qazpaylayıcı şəbəkələr SOCAR tərəfindən alınmışdır. Dolayısı ilə bütün sahələrdə, enerji və qeyri enerji sahələrində hər iki ölkə sıx əlaqə və inteqrasiya içərisindədir.
Son Qarabağ hadisələrindən sonra iki ölkənin hərbi və hərbi-sənaye sahəsində əməkdaşlığı daha da dərinləşib və bundan sonra da dərinləşəcəyi proqnozlaşdırılır. Bu rəsmi açıqlamalarda da öz əksini tapır. Prezident İlham Əliyev dəfələrlə Türkiyə ordusunun kiçik modelini qurmağın Azərbaycanın strateji hədəfi olduğunu elan edib. Bu onu göstərir ki, Türkiyə ilə qarşılıqlı mübadilə prosesi bundan sonra da davam edəcək. Önəmli silah sistemlərinin bundan sonra da Türkiyədən alınması gündəmdədir. Azərbaycan və Türkiyə prezidentlərinin elan etdiyi altılı regional əməkdaşlıq platforması, yəni bir tərəfdən Rusiya-Türkiyə-İran, digər tərəfdən Azərbaycan-Gürcüstan-Ermənistandan ibarət regional tərəfdaşlıq platforması qurulması təklif olunub. Burada nəqliyyat, enerji, iqtisadi əməkdaşlıq, yükdaşımalar, ticarət və digər sahələrdə əməkdaşlıq həyata keçirilə bilər. Təbii ki, burada adı çəkilən digər ölkələrin də bu təkliflə bağlı marağı, siyasi iradəsi olmalıdır. Xüsusən bu ölkələrdən Rusiya, Azərbaycan, İran və qismən Gürcüstan ərazisində elektrik enerjisi xətlərinin sinxronizasiyası ilə bağlı danışıqlar həyata keçirilir.Buraya digər ölkələr də əlavə olunarsa regional miqyasda vahid elektrik enerjisinin sinxronlaşdırılmış sistemi qurula bilər. Regional yükdaşımaları istiqamətində də önəmli addımlar atılır, avtomobil yollarının açılması, regional nəqliyyat layihələrində Türkiyə, İran və Rusiyanın iştirakı məsələləri müzakirə olunur. Dolayısı ilə ikili əməkdaşlığın bundan sonra da dərinləşməsi üçün həm iki ölkə arasında, həm də regional miqyasda önəmli potensial və bunun həyata keçirilməsi üçün siyasi iradə mövcuddur.
Kənan Aslanlı
İqtisadçı ekspert





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR