Siyasət

Zəfərin başlatdığı yeni dövr - quruculuq, inkişaf


İlham Əliyev: “Həyatımızın yeni dövrü başlayır – quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü”
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz xalqımızın 30 illik arzusunu reallığa çevirdi, ərazi bütövlüyümüzü bərpa etdi. 44 günlük Vətən müharibəsindən dərhal sonara işğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı istiqamətində genişmiqyaslı layihələrin icrasına başlanıldı. Bu gün bu yolda qəti addımlar atılır, əməli işlər görülür.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər səfəri demək olar ki, strateji əhəmiyyət kəsb edən layihələrin təməlqoyma və açılış mərasimləri ilə yadda qalır. Bu baxımdan Martın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Füzuli və Xocavənd rayonlarına səfəri və bu səfər çərçivəsində təməlqoyma mərasimləri önəmli layihələrin başlanğıcı kimi tarixi əhəmiyyət kəsb edir.
Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında oldular. Səfər strateji əhəmiyyət kəsb edən önəmli layihələrin təməlqoyma mərasimləri ilə yanaşı, eyni zamanda Prezident İlham Əliyevin mühüm mesajları ilə də yadda qaldı.
Prezident İlham Əliyev səfər çərçivəsində Füzuli-Hadrut və Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlini qoydu. Səfər çərçivəsində təməli qoyulan uzunluğu 13 kilometr olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək. Bu yollarla yanaşı artıq bir neçə istiqamət üzrə yolların çəkilməsi həyata keçirilir. Hazırda Füzulidən Şuşaya cənab Prezidentin “Zəfər yolu” adlandırdığı yol çəkilir. Bununla yanaşı Bərdə-Ağdam yolunun çəkilişi də yaxın zamanlarda icra olunacaq. Horadizdən Zəngilana qədər də yol çəkilməsi reallaşdırılacaq. Qeyd etdiyimiz və gələcəkdə reallaşdırılacaq digər nəqliyyat infrastrukturu layihələri sözsüz ki, azad edilmiş ərazilərimizin bərpası, regionun inkişafı üçün böyük əhəmiyyət daşıyır. Müharibədən dörd ay keçməsinə baxmayaraq, artıq böyük quruculuq işlərinə start verilmişdir və bu işlərin təməli məhz yol infrastrukturu ilə qoyulmuşdur.
Səfər zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdı və sonra çıxış edərək mühüm mesajlar verdi.
Ölkə başçısı çıxışı zamanı düşmənin arxasında dayanan bəzi xarici dairələrə mesaj ünvanladı: “Gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib”.
Düşmənin vandalizm siyasətinə diqqət çəkən Prezident İlham Əliyev vurğuladı ki, mənfur düşmən bütün binalarımızı, məscidlərimizi dağıdıb. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər.
Ölkə başçısının səfəri zamanı bir daha müşahidə elədik ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan etmişdir, daşı-daş üstündə qoymamışdır. Dağıntılar və vandalizm siyasəti bir daha göstərir ki, düşmən bu illər ərzində işğal etdikləri ərazilərimizdə mədəni, tarixi, dini irsimizi silmək istmişdir.
Ölkə başçısı Azərbaycan və Ermənistan arasında olan fərqi bir daha dünyaya bəyan etdi: “Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, – ermənilər orada qanunsuz yaşayıblar, – o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Budur, bizim aramızda olan fərq”
Çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan və Ermənistan ordusu arasındakı fərqə də diqqət çəkərək bildirdi ki, Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir: “Əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür”.
Hünərli kəndindəki Alban kilsəsində olarkən ölkə başçısı bir daha dünyaya göstərdi ki, tarixi faktların saxtalaşdırılması rəsmi İrəvanın dövlət siyasətinin əsasını təşkil edir: “Onlar bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər, biz onları ifşa etmişik. Bu kilsənin – alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər”.
Səfər çərçivəsində ölkə başçısının Alban kiləsində olması ölkəmizdə bütün dinlərə və inanclara hörmətlə yanaşıldığını sübut etdi. Prezident bildirdi ki, bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik.
Bəli, bizim fərqimiz burdadır: onlar dağıdır, biz bərpa edirik. Azərbaycanın müxtəlif yerlərində olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizdə də dağıdılmış bütün yaşayış məskənləri, tarixi, mədəni, dini abidələr bərpa olunacaq. Çünki, Azərbaycan burada yaşayan bütün xalqların tarixinə, dininə və mədəniyyətinə hörmət edən dövlətdir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə ilə biz yalnız itirilmiş torpaqlarımızı, ərazi bütövlüyümüzü deyil, eyni zamanda mədəni, tarixi, dini irsimizi geri qaytardıq. Bundan sonra Prezident İlham Əliyevin dediyi kimi həyatımızın yeni dövrü başlayır – quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü!
Ceyhun Məmmədov
YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvü





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR