Manşet / Cəmiyyət

Sumqayıt Dövlət Universitetindən stadion açıqlaması


Sumqayıt Dövlət Universiteti, təhsil müəssisəsinə məxsus stadionun ortasından piyadalar üçün yolun salınması barədə sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.
SDU-nun Mətbuat katibi Nazxanım Cəlilli "Report"a açıqlamasında universitetdə 15 ildən əvvəl idman dərslərinin tədris planında yer aldığını, sonradan isə ləğv olunduğunu söyləyib.
"Bu stadion keçmişdə olub, hazırda yoxdur, 15 il əvvəl idman dərsləri üçün istifadə olunurdu, indi isə idman dərsləri keçirilmir. Ondan sonra ikinci tədris binasına gediş-gəlişin asanlaşmasından ötrü orada güllər əkilib, açıq səma altında muzey düzəldilib və tələbələrin işlərinin asanlaşdırılması üçün yol salınıb, uşaqlar üçün idman, əyləncə və istirahət güşələri yaradılıb".
N.Cəlilli SDU-da tələbələr üçün stadionun olduğunu da vurğulayıb: "Birinci tədris binasının arxasında yeni stadionumuz var. Tədris planı olmadığı üçün köhnə stadiondan bu cür istifadə olunub. Orada güllər əkilib və açıq səma altında muzey yaradılıb. Tələbələr üçün nə lazımdırsa, etmişik. Orada mini-futbol meydançası yaradılıb. SDU-nun idman zalında hər cür şəraiti var".
Universitet rəsmisi bu yolun neçə illərdir istifadə edildiyini xatırladıb: "Universitetdə tələbələr üçün süni örtüklü futbol meydançası yaradılıb. Bu isə köhnədən qalıb və sənədi də yoxdur. Həmin ərazı təmizlənməmişdən əvvəl yaman gündə idi, ot basmışdı. Tələbələr və müəllimlər ikinci korpusa getmək üçün uzun yol qət edir, universitetin qırağı ilə palçıqlı yollarla gedirdilər. Sumqayıtda yollar indilərdə düzəlib. 5-6 il əvvəl yolların nə vəziyyətdə olduğu hamıya bəllidir".
Mətbuat katibi stadionun ortasından yol çəkmək üçün heç kimdən icazə almadıqlarını bildirib: "Bu, universitetin daxili ərazisidir. Stadionun ortasından yol çəkmək SDU-nun daxili qərarıdır. İki dənə dəmiri qoymaqla stadion olmur".
Universitet rəsmisi stadionu əvvəlki vəziyyətə qaytarmağı düşünmədiklərini söyləyib: "Öz daxili stadionumuz var. Mini və böyük stadionlarımızdan tələbələr yararlanırlar. Orada müxtəlif yarışlar keçirilir. Yeni stadionumuz da böyükdür və tələbələrin istifadəsi üçün yararlıdır".
N.Cəlilli fotoları sosial şəbəkələrdə paylaşanlara da müraciət edib: "Yeni stadionumuzu niyə çəkmirlər? Badminton, şahmat və qılıncoynatma üçün SDU-da şərait var. Bizdə tələbələr üçün şərait yaradılıb. Köhnə şeyi paylaşmaq gülüncdür".





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR