Cəmiyyət

Reyhan Baxşiyeva: Hardan sənin oldu bizim Qarabağ?


Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı, ancaq
Qanla möhürləyib, zorla alarlar.
İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?
B.Vahabzadə
10 dekabr 2020-ci il tarixində Bakıda keçirilən möhtəşəm Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi bu misralar qardaş ölkənin 44 günlük Qarabağ savaşı zamanı Azərbaycanın haqq işinə dəstəyinin bariz nümunəsidir. Ermənistanın Azərbaycana torpaq iddiası irəli sürdüyü ilk günlərdən Türkiyə Ermənistanla sərhədlərini bağlamışdır. Bu həmrəylik addımını Türkiyə 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra atmışdır. Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlı olması, əlbəttə ki, qardaşlıq rəmzi idi, o vaxt Azərbaycana göstərilən həmrəylik aktı idi.
Tarixən dost ölkələr olan Azərbaycan və Türkiyə arasında həmişə səmimi münasibətlər, qarşılıqlı etimad üzərində qurulan yüksək səviyyəli əməkdaşlıq olmuşdur. Ölkələrimiz arasındakı münasibətlərin belə səviyyədə inkişafı ümumilikdə regional tərəqqini, sabitliyi reallaşdırmağa imkan vermişdir. Bundan başqa, xalqlarımız eyni soykökünə, eyni mədəniyyətə malik olduğu üçün bu yaxınlıq qardaşlığa çevrilmişdir. Uzun illər bir-birinə həsrət qalmışdı bu qardaşlar. 
Sovetlər dönəmində rus imperiyasının pantürkist damğası vuraraq məhv etdiyi ədəbiyyat və incəsənət xadimlərimizin yaradıcılığına nəzər salsaq, Türkiyə ədəbiyyatının, mədəniyyətinin qüvvətli təsirini aydın görmüş olarıq. İstər sovet hakimiyyəti illərində, istərsə də Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan məktəblərində Türkiyə şair və yazıçılarının əsərləri tədris olunmuş, qəzet və jurnallarda dərc olunmuş, ayrıca kitab şəklində nəşr edilərək oxuculara çatdırılmışdır. Türk dramaturqlarının pyesləri Azərbaycan səhnəsində uzun müddət oynanılmışdır. Azərbaycan ziyalılarının ən çox oxuduqları və çoxsaylı nəzirələr yazdıqları türk ədibləri arasında Namiq Kamal, Ziya Paşa, Rəcizadə Əkrəm, Əbdülhəq Hamid Tərxan, Rza Tofiq, xüsusilə Məhməd Əmin Yurdaqul və Tofiq Fikrət əsas yer tutmuşdur.
Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət adlandırdığı Azərbaycan və Türkiyə dövlətləri arasındakı hərtərəfli münasibətlər hər iki ölkə rəhbərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdükləri məqsədyönlü siyasətin keyfiyyətli nəticəsi kimi xarakterizə oluna bilər.
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri də ölkələrimizin regiondakı nüfuzunun qarantı sayıla bilər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi, ”Nabukko” qaz kəmərinin inşası, Bakı-Tbilisi-Qars dəmir yolu və digər qlobal layihələr hər iki ölkə arasındakı strateji əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə qurulması istiqamətində verilən düzgün qərarlardır.
“Azərbaycanın kədəri - kədərimiz, sevinci – sevincimizdir” - deyən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün möhtəşəm abidəsinin paytaxtımızın mərkəzində ucaldılması Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olmuş, o, bu təşəbbüsün ölkələrimizin tarixinə əbədi yazılacağını bildirmişdir: “Böyük Atatürkün abidəsinin Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində ucaldılması bugünkü günü tariximizə bayram günü kimi yazacaqdır. Bu, Türkiyə-Azərbaycan dostluğunun bayramıdır. Bu, böyük Öndərin xatirəsinə Azərbaycan xalqının qəlbindəki duyğuların ifadəsidir”. Bakıda Mustafa Kamal Atatürkün abidəsinin açılışından məmnun qalan Baş Nazir Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfəri zamanı demişdir: “Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari-bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir.Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyəvardır.Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, əzmkar siyasəti nəticəsində rəşadətli Silahlı Qüvvələrimiz 33 il davam edən münaqişəyə 44 gün ərzində son qoydu. Qısamüddətli Qarabağ savaşı düşməni sarsıdıcı məğlubiyyətə uğratdı. Azərbaycanın qalib ordusu 21-ci əsrin qəhrəmanlıq dastanını yazdı. Bu müharibədə dostlarımızı da tanıdıq, düşmənlərimizi də. Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə çox böyük siyasi və mənəvi dəstək vermiş, regionda sülhə, sabitliyə hesablanmış davranışı ilə göstərmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!
Bu qələbə qarşımızda yeni hədəflər və vəzifələr qoymuşdur. Postmüharibə dövründə bölgə üzrə münaqişə zonasında hər hansı qarşıdurmanın olmaması, sabitliyin qorunması məqsədilə Rusiya-Türkiyə Monitorinq Mərkəzi yaradılmışdır. Türkiyə ilə maddi-texniki əməkdaşlıq da davam edir. Türkiyədən mina təmizləmə işlərini xeyli asanlaşdıracaq müasir texnika alınmış və gətirilmişdir. “Dəmir yumruq” əməliyyatı sayəsində azad olunmuş torpaqlarımızda görüləcək işlərimiz (inşaat, infrastruktur və tarixi abidələrimizin bərpası) çoxdur. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı qarşılıqlı əməkdaşlıq, ticarət, kommunikasiya, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaranmışdır. Türk şirkətləri Qarabağın yenidənqurma işlərində iştirak edir. Biz bu sahədə də bərabər addımlayacağıq!
Hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir. Türk Silahlı Qüvvələri ilə Azərbaycan Müdafiə Nazirliyi arasında əməkdaşlıq uzun tarixə malikdir.
Məlum olduğu kimi, Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. 11 avqust 1992-ci ildə imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texnik və elmi əməkdaşlıq razılşması” çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq edir. Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində minlərlə azərbaycanlı hərbi təhsil alıb və hələ də davam etdirir. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyənin keçirdiyi hərbi təlimlərə müşahidəçi qismində dəvət olunur, həmçinin iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər də icra edilir. İkinci Qarabağ savaşında Türkiyə istehsalı olan müdafiə sistemlərindən məharətlə istifadə olunmuşdur. Artıq ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilmişdir.
Müharibənin ilk günlərindən Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfərimizin, Azərbaycan Ordusunun Qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında da ölkəmizi tək qoymadı, birlik, həmrəylik nümayiş etdirərək bu fikri böyük inam və qətiyyətlə səsləndirdi: “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!”
Reyhan Baxşiyeva
Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbin direktoru





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR