Siyasət

Prezidentin Naxçıvan səfəri mühüm mesajlarla yadda qaldı


Prezident İlham Əliyevin may ayının 10-da Naxçıvan Muxtar Respublikasına etdiyi səfər həm sosial-iqtisadi, həm də siyasi baxımdan böyük tarixi əhəmiyyəti var.
Səfər çərçivəsində Prezident Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında, “Azərxalça” ASC-nin Naxçıvan filialının, Süni Mayalanma Mərkəzinin və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışlarında iştirak etdi. Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi, dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış oldu, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak etdi. Dövlət başçısı, eyni zamanda, “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış oldu, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak etdi.
Prezident İlham Əliyevin ilk dəfə mayın 10-da Naxçıvana tarixi səfəri sözsüz ki, təsadüfi deyildi. Ölkə başçısı özü də qeyd etdi ki, tarixi Zəfərdən sonra Ulu Öndər Heydər Əliyevin ilk doğum günündə Naxçıvana bu səfərin çox böyük rəmzi mənası var: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir.”
Bəli, məhz Ulu Öndərin doğum günündə Prezident İlham Əliyevin atasının vətəni Naxçıvan Muxtar Respublikasına səfəri xüsusi əhəmiyyət kəsb edir. Çünki, bu gün bütün sahələrdə əldə olunan uğurların təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə həm daxili, həm də xarici auditoriya yönəlmiş mühüm mesajlar verdi.
Müsahibəsində Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə toxunan ölkə başçısı bildirdi ki, məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya ucaldı: “Onun rəhbərliyi ilə, bax, burada – Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. Çünki mənfur düşmənin niyyətləri də, məhz siyasəti də o idi ki, Naxçıvanı da işğal etsinlər. Bu, artıq onların növbəti işğal planı çərçivəsində idi. Bu təhlükə var idi, bu təhlükə çox ciddi idi. Azərbaycana o vaxt heç kim kömək etmirdi. Azərbaycanın ordusu yox idi, Silahlı Qüvvələri yox idi. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Üç tərəfdən Naxçıvan Ermənistanla əhatə olunur. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir”.
Prezident müsahibəsində Ermənistanda baş qaldıran revanşist qüvvələrə, erməni havadarlarına və regionda maraqlı dairələrə də növbəti mühüm mesajlar verdi.
Ölkə başçısı bildirdi ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir: “Mənim sözüm yerindədir. Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar. Onlar uzun illər dırnaqarası “müzəffər və güclü” ordusu ilə öyünürdülər. Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir”.
Prezidentin bu fikirləri Ermənistandakı revanşist qüvvələrə, eyni zamanda bir sıra dairələrə xəbərdarlıq kimi dəyərləndirilməlidir.
Prezident İlham Əliyev bundan əvvəlki çıxışlarında olduğu kimi bir daha dəmir yumruğun yerində olduğunu xatırlatdı: “Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, – zərrə qədər, – onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.
Ölkə başçısının müsahibədə səsləndirdiyi mühüm mesajlardan biri də məhz Zəngəzur Dəhlizi ilə bağlı oldu. Prezident Ordubad dəmir yolu stansiyası ilə tanışlığın təsadüfi olmadığını, bunun da çox böyük rəmzi mənası olduğunu .vurğuladı: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”.
Ölkə başçısı müsahibəsində Azərbaycanın daxili işlərinə qarışan xarici ölkələrə diqqəti cəlb etdi və mühüm mesajlar verdi: “Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun. Mən Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirəm. Bu, qəbuledilməzdir. Biz dəfələrlə Fransa tərəfinə öz iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin, öz işlərinizlə məşğul olun”.
Ölkə başçısı bu fikirləri ilə bir daha bəyan etdi ki, Azərbaycan münaqişənin müqqədaratını müstəqil şəkildə həll etmək iqtidarındadır və ölkəmizin milli maraqları toxunulmazdır. Heç bir ölkə dövlətimizin daxili işlərinə qarışa bilməz.
Rüfət Mahmudzadə
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR