Manşet / Cəmiyyət

Zakir Fərəcov tibb işçilərini təbrik edib


Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu münasibətlə Sumqayıt şəhərində çalışan tibb işçiləri ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsi önünə tər çiçəklər düzərək xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Tibb xidməti rəisi Şöhrət Qasımovun, baş gizir və hərbi tibb qulluqçu Eldar Abdullayevin məzarları ziyarət edilib.
Daha sonra təşkil olunan tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib və şərəfli işlərində uğurlar arzulayıb.
Şəhər rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkəmizdə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Zakir Fərəcov bildirib ki, son illərdə şəhərin əksər tibb müəssisələri əsaslı təmir olunub. 1 nömrəli doğum evi, 1 və 2 nömrəli qadın məsləhətxanaları, 1 və 4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub, 1 nömrəli uşaq poliklinikası, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb. 1 və 2 nömrəli doğum evlərinin reanimasiya şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub.
Qeyd olunub ki, Sumqayıtın tibb işçilərinin pandemiya ilə mübarizədə əvəzsiz xidmətləri olub.
Millət vəkili Müşfiq Məmmədli ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarından danışaraq bildirib ki, bu ilki peşə bayramı xüsusi məna daşıyır. 44 günlük Vətən müharibəsi dövründə, eləcə də hələ də davam edən pandemiya şəraitində həkimlərimizin fədakarlığı danılmazdır.
Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova və digər çıxışçılar tibb işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və şəhər rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Bir qrup tibb işçisi şəhər icra hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR