Cəmiyyət

Əvvəlki həyatımıza qayıtmaq üçün tək yol - Vaksinasiya


Dünyada hər il minlərlə inan insan peyvənd olunmadığı üçün müxtəlif xəstəliklərdən dünyasını dəyişir. Müasir dövrümüzdə yoluxucu xəstəliklərə qarşı mübarizədə ən effektiv metodlardan biri məhz vaksinasiyadır. Vaksinasiya karonavirus infeksiyasına qarşı mübarizədə iqtisadi cəhətdən də ən əlverişli üsul sayılır. Ötən bir il ərzində 4 milyona yaxın insan COVID-19 inveksiyasından dünyasını dəyişdi. Bəşəriyyət ciddi təhlükə və fəlakətlə üz-üzə qaldı. Bütün dünyanın elm adamları, tibb mütəxəssisləri səfərbər olaraq COVID-19-a qarşı peyvəndlərin hazırlanmasında fəal iştirak etdilər. Nəhayət dünyada bu istiqamətdə həyata keçirilən fəaliyyətlər öz öz bəhrəsini verdi, bu təhlükəli virusa qarşı bir neçə peyvənd hazırlandı.
Ötən əsrdə peyvəndlər on milyonlarla insanı ölümdən xilas edib. Avropalıların 25-30 faizi peyvənd olmadığı üçün 1346-1352-ci illərdə vəba xəstəliyindən həyatını itirib. 1618-ci ildə Meksikadakı İnka əhalisinin sayı çiçək xəstəliyi səbəbindən 20 milyondan 1,6 milyona düşdü. Havay adalarında tifo xəstəliyi səbəbindən 1779-cu ildə əhali sayı 500 mindən 84 minə qədər azalıb. 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirdi.
1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. Statistik məlumatlara görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb. Peyvəndlər icad olunana qədər dünya bugünkündən daha çox təhlükədə idi. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu. Bu xəstəliyə yoluxanlar ifli ölümlə üz-üzə qalırdı. Hazırda bu xəstəlik tamamilə yox olub. Peyvənd insanları son dərəcə yoluxucu xəstəliklərdən qoruyaraq hər il 3 milyon ölümün qarşısını alır.
Bu baxımdan COVID-19-a qarşı peyvəndin qısa müddət ərzində hazırlanması və dünya əhalisinin sevincinə səbəb oldu.
Azərbaycan koronavirusla mübarizədə nümunəvi ölkədir
Prezident İlham Əliyevin problemə strateji baxışı və risklərin dəyərləndirilməsinə əsaslanan uzaqgörən qərarları elə ilk vaxtlarda yoluxma zəncirinin qırılması ilə nəticələndi, itkiləri minimuma endirməyə imkan yarandı. Dövlət əhalinin müxtəlif təbəqələrinə maksimum sosial dəstək göstərdi. Təsadüfi deyil ki, Azərbaycan koronavirusla mübarizədə ən effektiv nəticələr göstərən ölkələrdən biridir.
Prezident İlham Əliyevin göstərişi əsasında  “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.
Prezident İlham Əliyev 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda bildirmişdi: “Bizim üçün prioritet məsələ, – mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, – insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.”
Bu aydın hədəflər nəticəsində Azərbaycanın səhiyyə sistemi COVID-19 ilə mübarizə aparmaq üçün sistematik şəkildə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalmış əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Prezident İlham Əliyevin pandemiya ilə mübarizə çərçivəsində həyata keçirdiyi uğurlu addımlar nəticəsində dünyada vaksinasiya prosesinə başlayan ilk ölkələrdən oldu. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olundu. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə əhali 4 növ peyvənd seçiminə sahibdir. Ölkəmizdə “CoronaVac”, “Vaxzevria”, “Sputnik V”, “Pfizer” peyvəndlərindən istifadə olunur.
Hazırda ölkəmizdə 3 milyona yaxın əhali vaksinasiya olunub. Bununla yanaşı ölkəmizdə 330 minə yaxın şəxs xəstəliyə yoluxub sağalmışdır.  Lakin əhali arasında təbii yolla qazanılan immunitet və eyni zamanda vaksinasiya nəticəsində yaranan süni immunitet əhalinin 70 faizində yaranarsa, epidemik proses sönəcək.
Vaksinasiya prosesi Sumqayıt şəhərində də uğurla həyata keçirilir
Hazırda Vaksinasiya Strategiyasına uyğun olaraq Sumqayıt şəhərində də peyvəndlənmə prosesi uğurla davam etdirilir. Şəhər ərazisində vaksinasiya prosesinin həyata keçirilməsi üçün ilk gündən 8 tibb məntəqəsi yaradılıb. Tibb məntəqələrində təlimatlara uyğun hər cür zəruri şərait yaradılıb. İndiyədək 150 minə yaxın şəhər sakini peyvənd olunub. Onların böyük əksəriyyətinə peyvəndin hər iki dozası vurulub. Bu gün də bu proses uğurla davam edir.
Vaksinasiya prosesi ölüm hallarının qarşısının alınması üçün yeganə yoldur. Hər bir kəs bu prosesdə fəal iştirak etməlidir. Bu hər birimizin vətəndaşlıq borcudur. Biz yalnız vaksinasiya prosesində iştirak etməklə bu təhlükədən xilas ola bilərik.
Məhparə Cavadova
Sumqayıt şəhər 5 nömrəli uşaq poliiklinikasının baş həkimi, Əməkdar həkim





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR