Manşet / Cəmiyyət

Zakir Fərəcov SDU-da təmir-bərpa işləri ilə tanış oldu


İyulun 13-də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Dövlət Universitetinin 1 saylı tələbə yataqxanasında aparılan təmir-bərpa işləri ilə tanış olub. Başçı təmir olunan otaqlar, oxu zalı, yeməkxana, camaşırxana və tələbələrin asudə vaxtlarının keçirilməsi üçün istirahət guşəsi ilə tanış olub.
Zakir Fərəcov ölkəmizdə və Sumqayıt şəhərində aparılan böyük quruculuq işlərindən, həyata keçirilən irimiqyaslı layihələrdən, yeni sənaye müəssisələrinin inşa olunmasından, ümumən Sumqayıtın sürətli inkişafından söhbət açıb, bu inkişafın Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olduğunu vurğulayıb. Qeyd edilib ki, ölkə iqtisadiyyatının dinamik yüksəlişi başqa sahələr kimi, təhsilin inkişafı üçün də əlverişli şərait yaradıb. Ölkə Prezidentinin sərəncamı və regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, müasir dünya standartlarının tələblərinə uyğun texnologiyalar ilə işləyən müəssisələr üçün ixtisaslı kadr ehtiyacını təmin etmək məqsədini hədəf tutan Sumqayıt Dövlət Universiteti öz nailiyyətləri ilə nəinki regionun, həmçinin ölkənin nüfuzlu elm-tədris mərkəzinə çevrilib. Bu istiqamətdə həyata keçirilən ən böyük layihələrdən biri universitetin 1 saylı tələbə yataqxanasının əsaslı təmiridir. Universitetin hər iki yataqxanasında 1992-ci ildən etibarən məcburi köçkün ailələri məskunlaşıb. Qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin gördüyü işlər çərçivəsində Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni qəsəbə salınıb və universitetin 1 saylı tələbə yataqxanasında məskunlaşmış ailələrin yeni evlərə köçürülməsi təmin edilib. Tam yararsız vəziyyətə düşmüş yataqxana müasir standartlara uyğun layihələndirilib və tələbələrin rahatlığını təmin etmək üçün hər cür şərait yaradılır. Artıq təmir işləri başa çatmaq üzrədir.
Universitetin rektoru, professor Elxan Hüseynov qeyd edib ki, şəhər rəhbərliyi ölkədəki inkişafa daim öz töhfəsini verir. Şəhərdə aparılan quruculuq-abadlıq işləri ümumi inkişafın bariz nümunəsidir. Rektor son illər universitetdə gerçəkləşən layihələrdən bəhs edərək qeyd edib ki, bu gün Sumqayıt Dövlət Universiteti şəhərin sənaye müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir, nəticə etibarilə də tələbələr həmin müəssisələrdə təcrübə keçir, gələcəyin ixtisaslı kadrları kimi formalaşırlar. Ümumiyyətlə, təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə kifayətlənmir, həmçinin tələbəyə şərait də yaradılmalıdır. Tələbə yataqxanasının olmaması dünyanın bir sıra qabaqcıl universitetləri ilə bağlanmış müqavilələrimizi bütün bəndlər üzrə həyata keçirməyə, xarici tələbələrin qəbuluna və tələbə mübadiləsi proqramlarının icrasına çətinliklər yaradırdı. Artıq burada tələbələrin rahatlığı üçün hər cür şərait yaradılır, istilik və su sistemləri, yanğın təhlükəsizliyi sistemi quraşdırılır, otaqlar zəruri avadanlıqlarla təchiz edilir.
Sonra icra başçısı universitetin ərazisi ilə tanış olub, universitetinin həyətində şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirələrini əbədiləşdirmək üçün yaradılan abidə kompleksini ziyarət edib. Şəhidlərimizin ruhu yad edilib.
Universitetdə reallaşdırılacaq layihələr haqqında fikir mübadiləsi aparılıb.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR