Cəmiyyət

Sumqayıtda güzəştli mənzillər nümayiş olunub


Regionda ilk güzəştli mənzillərin satışına hazırlıq işləri çərçivəsində, Mənzil İnşaatı Dövlət Agentliyinin Sumqayıt şəhərində inşa olunmuş binalarında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun, agent bankların və qiymətləndirici şirkətlərin nümayəndələri ilə görüş təşkil olunub.
Tədbirdə satışa çıxarılacaq güzəştli mənzillər nümayiş etdirilərək, istifadə olunan inşaat materialları və təmir növləri haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində inşa olunmuş layihə 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 144 mənzil var. Ərazidə yaşayış binalarının tikintisi ilə yanaşı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilib, həmçinin uşaqlar üçün basketbol meydançası istifadəyə verilib.
Avqustun 17-də Sumqayıt şəhərində güzəştli mənzillərin satışına başlanılacaq və 24 avqustadək davam edəcəkdir. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi avqustun 20-də başlayacaq və 24-dək davam edəcəkdir. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Sumqayıt şəhərində güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim olunduğu sumqayit.mida.gov.az internet səhifəsi və onun mobil versiyası istifadəyə verilib.
Mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən “Güzəştli mənzil” sistemində elektron kabineti olan vətəndaşlar İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və MİDA MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış “Kapital Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “TuranBank” ASC-nin təqdim etdiyi güzəştli ipoteka kreditindən yararlana bilərlər.
Güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar bu siyahıda göstərilən ünvanlardan birinə yaxınlaşaraq və ya əlaqə nömrələrinə zəng edərək mövzu ilə bağlı suallara cavab tapa bilərlər.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR