Manşet / Cəmiyyət

Naxçıvan xüsusi təyinatlılarından taktiki təlim - VİDEO


"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən  taktiki-xüsusi təlimin mövzusu mülki əhali arasında çaxnaşma yaratmağa və təxribat törətməyə hazırlaşan şərti düşmənin təxribat-diversiya qrupunun gizləndikləri binada zərərsizləşdirilməsi olub.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin praktiki vərdişləri və binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.
Əldə edilmiş kəşfiyyat məlumatına əsasən təxribatçı qruplar yaşayış məntəqələrinə yaxın ərazidəki tərk edilmiş binada gizləniblər.
Şərti düşmənin təxribat cəhdlərinin qarşısının alınması məqsədilə xüsusi təyinatlı qruplar fərqli istiqamətlərdən və helikopterlərlə terrorçuların gizləndikləri binaya daxil olaraq müxtəlif atəş vasitələrindən istifadə etməklə təxribatçıları zərərsizləşdiriblər.
Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları şərti düşmənin təxribat-diversiya qrupunu zərərsizləşdirmək üçün antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetiriblər.
Təlimin gedişində antiterror əməliyyatlarının icrası zamanı yaralanan hərbi qulluqçulara çevik şəkildə tibbi yardım göstərilib və yaralıların təxliyyəsi həyata keçirilib.
Şərti düşmənin təxribat cəhdinin qarşısını alan xüsusi təyinatlı qruplar müxtəlif silah nümunələrini ələ keçirib və təxribatçıların bir neçəsini əsir götürüblər.
Beləliklə də, diversiya-təxribat fəaliyyətlərinin qarşısını alan xüsusi təyinatlılarımız təxribatçıları tam tərkibdə zərərsizləşdirməklə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin uğurla başa çatması münasibətilə mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Naxçıvanda və Türkiyə Respublikasının Qars şəhərində keçirilmiş döyüş atışlı birgə taktiki təlimlərin hər iki qardaş ölkənin hərbi qüdrətinin nümayişi olduğunu diqqətə çatdırıb. Ulu öndərlərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” şüarı keçirilən təlimlərdə və hərbi qulluqçularımızın peşəkarlıqlarının artırılmasına xidmət edən kurslarda birliyimizin və  bərabərliyimizin ifadəsinə çevrilib. Əlahiddə Ümümqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə keçirilən taktiki-xüsusi təlimin uğurla başa çatması Türkiyə Respublikasının Sparta və Kayseri şəhərlərində, Naxçıvandakı Dağ Təlim Mərkəzində təşkil edilmiş kurslarda və 44 günlük Vətən müharibəsində qazanılan döyüş təcrübəsinin peşəkarlıqla tətbiq edilməsinin əyani göstəricisidir.
Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.

 





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR