Cəmiyyət

Vəfa İzzətli: İzzətim məni şəhid anası zirvəsinə ucaltdı


Bu gün İzzətin şəhadətə qovuşmasından bir il ötür. Bu gün mənim üçün həm də onun doğulduğu gündür, şəhid kimi dünyaya gəldiyi gün. Yalnız böyük xalq şəhidlərin ruhunu belə əziz tuta bilər. İlkim, müqəddəs ana adını daşımaq şərəfini mənə qazandırmış İzzətim, məni müqəddəs şəhid anası statusuna da ucaltdı. Şəhadətin mübarək, əziz balam, qalib Vətənimin qalib əsgəri!”
Bu sözləri Vətən müharibəsi şəhidi, oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İzzət Həmidovun anası Vəfa İzzətli AZƏRTAC-a açıqlamasında bildirib.
Ömür-gün yoldaşından vəfa görməsə də, üç oğul övladının yükünü çiyinlərində daşımaqdan qorxmayan, özünü oda-közə vuraraq onları atalı uşaqlardan da yaxşı böyüdüb ərsəyə gətirən güclü Vəfa ana indi mənfur düşmən gülləsinə tuş gələn igid balasının ağır yükünü çiyinlərində mətanətlə daşıyaraq “Təki Vətən sağ olsun!”, “Vətən varsa, şəhidlər heç zaman ölməz!” deyir.
Analar övlad həsrətinə qarşı daha həssasdırlar, bu hissi daha dərindən yaşayırlar. Görüşümüzdə yaşının nisbətən gənc olmasına baxmayaraq, gözlərinin dərinliyinə bala həsrəti, övlad nisgili çökmüş Vəfa xanım həm də qürurlu bir dağa bənzəyirdi - adi insanların heç zaman zirvəsinə boylana bilməyəcəyi, köksünə çalın-çarpaz dağ çəkilsə belə, vüqarla dayanmış bir dağa. Onu bu zirvəyə ucaldan 44 günlük Vətən müharibəsinin 13-cü günündə şəhidlik zirvəsini fəth etmiş qəhrəman İzzəti idi. İzzət şəhidlik zirvəsinə ucalanda 20 yaşı təzəcə tamam olmuşdu, anası Vəfa da 40 yaşına yenicə qədəm qoymuşdu.
“Şəhid balamın ən böyük arzusu Vətənin qəhrəman əsgəri olmaq idi. Qarabağ nisgili isə iliyinə qədər işləmişdi. Əslimiz Qubadlıdandır. İzzət heç vaxt görmədiyi və Vətənimizin bir parçası olan Qarabağı, eləcə də ata-babalarımın yaşadığı Qubadlını - Mahmudlu və Çardaqlı kəndlərini görməyi arzulayırdı. Məni ovunduran həm də odur ki, şəhid olan günə qədər artıq Azərbaycan Ordusu bəzi torpaqları azad edib böyük Qələbə müjdəsini vermişdi. İgid oğlum Qələbə sorağı ilə xəyallarına, arzularına qovuşmağa başlamışdı”, - deyə Vəfa xanım köks ötürür.
Gənc ana oğlu ilə sonuncu görüşünü belə xatırlayır: “Uşaqlıqda böyrəyində ciddi problem olduğu üçün İzzət hərbi xidmətə yararlı deyildi və buna görə hətta aylıq müavinət də alırdı. Ondan yaşca kiçik qardaşı əsgər gedəndə İzzət də hərbi komissarlığa gedib onu da əsgərliyə aparmaları üçün inadkarlıq edib, hətta müavinətdən imtina etmişdi. Günlərin birində sevincək içəri girib “Ana gedirəm. Ən böyük arzum əsgər formasını geyinmək idi. Bu gündən mən də Vətənimin əsgəriyəm”, - dedi.
Onu çox qoruduğunu deyir, Vəfa ana: “Rəqsi çox sevirdi. Yaxşı rəqqas idi. Eyni zamanda, uşaqlıqdan futbol həvəskarı idi. Bakının “AZAL” klubunun aşağı yaş qrupunda çıxış edirdi. Böyrəyindəki problemə görə futbolla məşğul olmasını istəmirdim. Nəhayət onu bir təhər dilə tutub futboldan uzaqlaşdıra bildim”.
Müharibədə oğlunun ön cəbhədə ən cəsur döyüşçülərdən biri kimi fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərməsindən qürur duyduğunu vurğulayan Vəfa xanım bildirib: “Oğullarımın yaşca ən böyüyü olduğu üçün özünü evin kişisi kimi aparırdı. İşləyib evə mən qazandığımdan da çox çörək pulu gətirirdi. Düşündüyüm kimi də oldu, ön cəbhədə idi. Ağır döyüşə girəcəkləri üçün (şəhid olmamışdan bir gün əvvəl) bizimlə halallaşmaq üçün bir il ərzində ilk dəfə görüntülü zəng etdi. Uşaqlıq simasından əsər-əlamət qalmamışdı. Doğrudan da mənə qürurlu, həm də zəhmli Azərbaycan əsgəri baxırdı. Hərbi forma ona çox yaraşırdı. Xüsusi təmkinlə “Özünə bax, ana. Qardaşlarıma yaxşı bax. Qayıdacağam, yenə də hazırladığın xörəkləri yeyəcəyəm. Yeməklərin elə dadlı olur ki, anacan”, - dedi.
Vəfa xanım şəhidlik zirvəsinə ucalan İzzətin arzularına, xəyallarına qovuşduğu üçün ruhunun şad olduğunu deyir: “Uşaqlıqda nağılları çox sevirdi. Daha çox davada qələbə qazanan əsgərin nağılını sevirdi. Bu nağılların baş qəhrəmanı özü olurdu. Qalib İzzətin nağılını danışmağımı istəyirdi, sonunu isə mütləq böyük qələbə ilə bitirməli idim. Qulaq asdıqca sanki xəyalları qanad açıb pərvazlanırdı... Oğlumun illərlə qurduğu xəyalları ön cəbhədə gerçəkləşirdi. Komandiri deyirdi ki, onu elə bil minomyot atmaq üçün yaradıblar. Ən ağır döyüşlərdə belə təmkinini itirmir, amma zarafatından da qalmırdı. Cəbhə yoldaşlarının dediyinə görə, məğrur, qalib əsgər siması şəhid olduqdan sonra belə onu tərk etməyib. İndi ana qucağı qədər isti bildiyi Vətənin qoynunda uyuyur”.
9 oktyabr 2020-ci il. Füzulinin Alxanlı kəndi istiqamətində gedən döyüşlərdə İzzət böyük cəsurluqla döyüşürdü. Uşaqlıqda eşitdiyi məğrur, ölməz, qalib əsgərin nağılı onun üçün xoş sonluqla, Qələbə ilə başa çatmalı idi. Arzularının qanadında xəyallarının gerçəkləşdiyi Qələbənin zirvəsinə ucalmağa can atırdı. Həmin döyüşlərdə qəhrəman əsgər öz şəhadəti ilə ana Vətəni daha da ucaltdı, yenilməz etdi. Bu Qələbədə Vəfa ananın timsalında minlərlə şəhid anasının haqqı ödənilməyəcək payı var...
Qeyd edək ki, İzzət Həmidov 2000-ci il fevralın 28-də Sumqayıtda doğulub və bu şəhərdəki 26 nömrəli tam orta məktəbdə təhsil alıb. O, oktyabrın 9-da Füzulinin Alxanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İzzət Həmidov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR